Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məktəbin idarəolunmasının təkmilləşdirilməsində valideynin daim müəllim və sinif rəhbəri ilə ünsiyyətdə olmasının əhəmiyyəti

0

  •         Bu gün nəticəyönümlü təhsilimizin qarşıya qoyduğu prioritet təhsilin  keyfiyyətinin artırılması, inkişaf etmiş ölkələrin təhsili səviyyəsində addımlamaqdır. Bunu təmin etmək məqsədilə maddi-texniki  baza, dərsliklər, dərslərin tədrisi metodikası, yanaşmalar tamamilə  yenilənmişdir. Bu yeniliklər fonunda öz aktuallığını bütün ictimai-siyasi quruluşlarda olduğu kimi bu gün də qoruyub saxlayan, dəyişməyən ən başlıca amil müəllim-şagird-valideyn üçbucağıdır. Şagirdlərin təlim-tərbiyəsində vacib olan  bu üçbucağın oynadığı  böyük rola  nəzər yetirək.
            Bildiyimiz kimi uşaq fərd  kimi  dünyaya  gəlir, ətraf  aləmlə  təmas   nəticəsində  şəxsiyyət kimi  formalaşmağa başlayır. Bu formalaşmada ilk öncə ən böyük rol valideynə, sonra isə  uşağı  əhatə  edən  mühitə məxsusdur. Uşağı beş yaşına qədər əhatə edən mühit onun yaşadığı ailə, təmasda olduğu qohumlar, qonşular, məktəbəqədər təhsil müəssisəsi, informasiya mənbələri olan  televizor, telefon, internet və s. ola bilər. Bu yaş dövründə yuxarıda sadalanan amillərin mənfi təsir göstərənlərindən uşağın təmasda olmasını mümkün qədər nəzarətdə saxlamaq vacibdir. Ətraf aləmlə bağlı uşağın suallarını yaşına uyğun şəkildə cavablandırmaq lazımdır. Bu, onun ətraf mühitdə baş verənləri şüurlu şəkildə dərk etməsinə gətirib çıxarır. Valideyn hər zaman  yadda  saxlamalıdır ki, o, övladını tərbiyə edərkən onun danışdığı sözlərlə etdiyi hərəkətlər uzlaşmalıdır. Çünki  uşağın diqqəti hər zaman valideynin danışığı ilə bərabər həm də onun etdiyi hərəkətləri izləməyə yönəlir. Bu yaşda olan uşağın dəcəlliyi böyükləri yormamalı, dəcəlliyin tərbiyəsizliyə çevrilməməsi diqqətdə saxlanılmalıdır. Uşağın dəcəllik etməsi təbii hal kimi dəyərləndirilməlidir. Həzrət Əli əleyhissəlam demişdir: “Uşağın dəcəlliyi böyüyəndə onun əqlinin çoxluğuna dəlalət  edir”.
            Uşağın  beş  yaşı  tamam olanda onu əhatə edən mühitə  artıq yeni mühit-məktəb mühiti də əlavə olunur. Bununla uşağın  formalaşmasında  yeni mərhələ başlayır. Dövlətimizin beşyaşlıların təhsilə cəlb olunması işini təşkil etməsi çox təqdirəlayiq haldır. Belə ki, beşyaşlı  uşaq məktəbdə təhsilə cəlb olunmaqla ətraf aləm haqqında bilgiləri düzgün şəkildə əldə edir və mənimsəyir. Son  illərin  təcrübəsi göstərir ki, məktəbəhazırlıq  qrupunda  təhsil  alıb  birinci  sinfə qədəm qoyan uşaqların nəticələri  daha da qənaətbəxş olur.
            Məktəbdə təhsil alan hər bir şagirdin diqqət mərkəzində saxlanılması vacibdir. Açıq etiraf etməliyik ki, biz təhsil işçiləri bəzən bu işin öhdəsindən layiqincə gələ bilmirik. Bəzi hallarda valideyn və müəllim şagirdin təlim nailiyyətlərinə o qədər diqqət yönəldir ki, onun psixoloji durumu və tərbiyəsi arxa plana keçir, yaddan çıxır. Sinfə birbaşa cavabdehlik daşıyan sinif rəhbərləri müəyyən hallarda vəzifə funksiyalarını yalnız jurnalın səhifələrini yazmaqda görür. Müəllimlər  və  fəal şagirdlər ictimai  əsaslarla hər gün növbətçilik etməli olduqları halda əksər hallarda buna riayət olunmur.                                     
            Günümüzün reallığı olan bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə Azərbaycan təhsilinin idarəçiliyində yeni yanaşmalar ortaya çıxır. Müəllim, psixoloq, sinif rəhbəri və valideynin unudaraq arxa plana keçirdiyi şagirdin psixo-loji durumu və tərbiyəsinin düzgün təşkilindəki çatışmazlıqları aradan qaldırmaq məqsədilə ümumtəhsil məktəblərində “Məktəblinin dostu” layihəsinin tətbiqi təqdirəlayiq haldır. Ancaq nəzərə almalıyıq ki, bu layihə də məktəbin bütün sinif-lərində təhsil alan hər bir şagirdə məktəbdə olduğu müddətdə eyni anda tam nəzarət etməyə, qayğı göstərməyə, onların psixoloji vəziyyətini izləməyə yetərli deyil. Əgər  hər birində iyirmi beş nəfər şagirdi olan iyirmi sinif  komplektli məktəbdə “Məktəblinin dostu” layihəsinin on nəfər icraçısı varsa, bu on nəfərin hər bir sinifdəki şagirdi hər an nəzarətdə saxlaması fiziki cəhətdən mümkün deyil. Nəzərə almalıyıq ki, şagird ətrafında hansısa xoşagəlməz situasiya bir anda baş verə bilər və bunun qarşısını almaqda gecikə bilərik.
            Respublikanın təhsil müəssisələrində hal-hazırda tətbiq olunan nəticəyönümlü təhsil təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Günümüzün reallığı budur ki, respublikanın  ümumtəhsil məktəblərində şagirdlərin ibtidai təhsil pilləsində təhsil  aldığı dövrdə valideynlərin məktəblə təması çox olur, ancaq yuxarı təhsil pillələrində bu təmas getdikcə azalır. Ümumiyyətlə, valideynin şagirdlərin təlim-tərbiyə prosesinə cəlb olunması ictimai  nəzarət olaraq məktəb idarəçiliyinin əsasını  təşkil edir və  məktəbdə təlim-tərbiyənin düzgün qurulmasında böyük rola malikdir. Məlumdur  ki,  şagird  sayı çox olan məktəblərdə sinif  komplektlərinin sayı da çox olur.  Belə bir  şəraitdə məktəbin cəmi altı nəfər rəhbər  işçisinin - bir  direktor,  iki  direktor müavini, bir psixoloq,  bir uşaq birliyi rəhbərinin və  müəyyən hallarda vəzifə funksiyalarını düzgün yerinə yetirməyən sinif rəhbərlərinin  eyni  zamanda  bütün  siniflərdə dərslərin müəllimlər tərəfindən  tələb  olunan  səviyyədə, məsuliyyətlə tədrisinə və şagirdlərin  təlim-tərbiyəsinə ciddi nəzarət etməsi fiziki  cəhətdən  mümkün deyil. Eləcə də dərsini bu və ya  digər səbəbdən, məsuliyyətsizlikdən zəif tədris edən müəllimlərə məktəbin rəhbər işçilərinin təsiri də bəzən effektiv olmur.
    Belə bir şəraitdə çıxış yolu siniflər üzrə ictimai nəzarəti-valideyn nəzarətini gücləndirməkdən  ibarətdir. Ancaq açıq etiraf etməliyik ki, valideynlərin böyük əksəriyyəti övladları yuxarı təhsil pilləsində təhsil aldığı illərdə  məktəblə  sıx  təmas  qurmur, hətta  sinif  rəhbəri tərəfindən təşkil olunan valideyn icaslarına da gəlmirlər. Siniflər üzrə ictimai nəzarəti-valideyn  nəzarətini sinifdə təhsil alan şagirdlərdən bir hissəsinin valideyni hesabına  təşkil  etmək olar. Əgər sinifdə iyirmi nəfər şagird təhsil alırsa, onlardan on  nəfərinin valideyninin hər birinə ayda iki dəfə növbə çatmaqla övladlarının dərslərində iştiraklarını təşkil etmək olar. Dərslərdə iştirak edən valideyn dərsin gedişinə müdaxilə etmədən sinifdəki bütün şagirdlərin durumunu nəzarətdə saxlaya bilər. Valideynlər növbəlilik əsasında gün ərzində övladlarının dərslərində iştirak  etməklə həm işinə məsuliyyətsiz yanaşan müəllimlərin  məsuliyyətini  artırmaq olar, həm də şagirdlərin  psixoloji durumunu, tərbiyəsini və gündəlik təlim nəticələrini izləyərək bu barədə digər valideynləri məlumatlandırmaq olar. Valideynlərin dərslərdə iştirak etməsi bəlkə də rəhbər işçilərin iştirak etməsindən faydalı ola bilər.
            Yekun olaraq təklifim ondan ibarətdir ki, valideynləri şagirdlərin təlim-tərbiyəsi işinə cəlb etmək, üçbucağın qırılmış üçüncü tərəfini bərpa etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən tövsiyə xarakterli qaydalar hazırlamaqla yerlərdə bu işin icrasına başlamaq olar. Qaydalarda təhlükəsizliyi təmin etmək məqsədilə bu işə cəlb olunan valideynlərə məktəb direktoru tərəfindən məktəb binasına giriş üçün vahid formada buraxılış vəsiqələrinin verilməsi, valideynlər üçün onların görəcəyi işləri özündə əks etdirən yaddaş kitabçasının hazırlanması, onların bu istiqamətdə təlimatlandırılması və s. məsələlər öz əksini tapa bilər. Təhsil Nazirliyi əlavə olaraq tövsiyə xarakterli təlimati göstərişlərin əks olunduğu normativ sənəd hazırlayıb yerlərə göndərməklə müəllimlərin və fəal şagirdlərin məktəblərdə ictimai əsaslarla növbətçilik etməsi işini gücləndirmək olar. Göstərdiyim təklifləri həyata keçirməklə məktəblərdə şagirdlər daim nəzarətdə saxlanılar və müəyyən faciəli hadisələr də baş verməz.
            Bu gün Azərbaycan  təhsilinin inkişafına göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi olan bugünkü uşaq və gənclərin sağlam, dövlətçiliyimizə sədaqət ruhunda, vətənpərvər şəxsiyyət kimi formalaşmasına böyük ümid yaratmaqla bərabər, biz təhsil işçilərinin məsuliyyətini daha da artırır. Təhsil sahəsini cəbhə adlandırsaq yanılmarıq. Təhsil sahəsi əsl vətəndaşlıq mövqeyi nümayiş etdirilən strateji fəaliyyət meydanıdır. Qəlbində Vətən və millət məhəbbəti olan hər bir təhsil işçisi bu meydanda əzmlə çalışmalı, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır. Biz təhsil işçiləri nəzərə almalıyıq ki, bundan sonra daha çox Mübariz İbrahimovlar yetişdirməliyik.

    Nəcəf  HƏSƏNOV,

      Xocalı RTŞ-nin  aparıcı  məsləhətçisi

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib48 dəfə
    Məktəbin idarəolunmasının təkmilləşdirilməsində valideynin daim müəllim sinif rəhbəri ilə ünsiyyətdə olmasının əhəmiyyəti

    Maraqlı gələ bilər
    44